İyun 19, 2023
0 Comments
Azərbaycanda keçirilən konsertlərdə qiymətlər niyə artıb? Qiymətlər nəyə əsasən artır? Mediapost-dan gələn sualları cavabladım
Məsələyə marketinq nöqteyi nəzərindən baxsaq artım yalnız qiymətlərdə hiss olunmur. Ötən illərə nisbətdə gələn qonaqların, keçirilən konsert və tədbirlərin sayı da kifayət qədər artıb.
Bu artımı tətikləyən əsas amillərdən biri insanların uzun müddətli pandemiyadan sonra kütləvi tədbir və konsertlərə ehtiyac duymasıdır. Onlar obrazlı dildə desək darıxdığı günlərin əvəzini çıxırlar.
Əyləncə tədbirlərinin bazarı getdikcə böyüməkdədir
Əlavə olaraq da kütləvi əyləncə tədbirlərinin bazar payı getdikcə artmaqdadır. Xüsusilə "Z" nəsli davamlı olaraq sosial media səhifələrində izlədiyi konsertləri, yığıncaqları öz ölkəmizdə də görmək istəyir. Buna görə həm pul ödəyib, həm də uzaq məsafələrə getməyi, hətta orda qalmağı gözə alırlar. Əvvəl bu tip əyləncələrdə kişilər üstünlük təşkil edirdi. Qadınların sayının artması bu sahədə həm paylaşımları artırır, həm də güvən məsələsi artdıqca özü ilə müştəri gətirir.


Qiymət amilinə gəldikdə isə bu cür hallarda qiymətləri tələb-təklif konsepti təyin edir. Keçirilən konsertlərdə nümunə olaraq bilet qiymətini 20 Azn götürsək təşkilatçı konsert günü yaşanan izdihamı görüb növbəti dəfə biletin qiymətini də qaldırır. Onun da məqsədi daha yüksək gəlirlilikdir ki, bu tədbirlərin davamı gəlsin və getdikcə daha popular şəxsləri dəvət edə bilsin. Yəni sadə dildə desək təşkilatçı artan qiymətin fonunda iştirakçı sayının azalmadığını gördükcə şansını yoxlamağa davam edir.
Tədbirlərin qiymət tənzimlənməsi hələ ki, test dövrünü keçir
Dəqiq qiymət təyin etmək üçün bu prosesin bir müddət davam etməsi, nəticələrin ölçülməyi lazımdır. Təbii ki, qiymət gələn qonağa, məkana, ümumi konseptə görə dəyişə bilər amma hazırki məqamda düşünürəm ki, ümumiyyətlə bu artım test mərhələsini yaşayır.
Hazırda konsert təşkilatçılığı artan dinamikadadır və bu dinamika artmağa davam edəcək. Bir müddət sonra qiymətlər durulduqda xidmət rəqabəti başlayacaq. Məsələyə müştəri gözüylə baxsaq görəcəyimiz ən maraqlı konsertlər məhz onda başlayacaq.
"Bir müddət sonra qiymətlər durulduqda xidmət rəqabəti başlayacaq. Məsələyə müştəri gözüylə baxsaq görəcəyimiz ən maraqlı konsertlər məhz onda başlayacaq."
Bəylər Əlizadə
Marketoloq