SMM xidməti nədir? SMM şirkətini necə seçməliyəm?

SMM xidməti nədir? SMM şirkətini necə seçməliyəm?

SMM xidməti nədir? SMM şirkətlərinin işi nədən ibarətdir?

SMM xdiməti. SMM agentliklətinin fəaliyyəti. Sahibkarların gözləntiləri

Artıq 10 ilə yaxındır ki, satış və marketinq sahəsindəyəm. Marketinqə məhz satışdan keçməyimin tez-tez faydalarını görürəm. Çünki istər keçdiyim təlimlərdə, istərsə də sahibkarlarla görüşdə marketinq mütəxəssislərinin satışı anlamadan apardığı marketinq fəaliyyətinin hansı fəsadlara yol açdığını görmək elə də çətin deyil. Son illər artan SMM şirkətlərinin fonunda bu ölçülməyən proseslər də şirkətin istiqamətini yanlış istiqamətə çevirməklə sahibkarların işini biraz da çətinləşdiri. Bu yazıda məqsədim qəti şəkildə bazardakı şirkətləri və ya rəqiblərimi qınamaq deyil. Hər şirkət öz müştərisinə öz çapında dəyər qatmağa çalışır. Sadəcə həmin zərəri görmək üçün ya təcrübə çatmır, ya da çox müştəri ilə işləməkdən vaxtları…

Məsələyə qarşı tərəfdən baxanda da vəziyyət elə də ürək açan deyil. Bütün smm şirkətləri peşəkar olmadığı kimi, bütün sahibkarlar da uğurlu sahibkar deyil. Tez-tez rast gəldiyim hallardan biri də məhz odur ki, sahibkar özü agentlikdən nə istədiyini bilmir. Yazılmış hansısa bir strategiya, dəqiq hədəflər, həm daxili həm də agentlikdən düzgün tələbləri olmadığına görə fikrini agentliyə izah edə bilmir və yekunda nəticədən də razı qalmır. Burda isə sahibkarları qınamayacam. Çünki sahibkar olandan sonra onu da başa düşdüm ki, həqiqətən də onların işi yetəri qədər çoxdur. Burada liderlik, komandanın təşkili məsələlərinə qarışmayacam. Mövzumuz bu deyil. Hələki bazarın ümumi ortaq dərdindən danışaq.

SMM xidməti

Sahibkar SMM şirkətini seçərkən nələrə diqqət etməlidir?

Əvvəla bunu anlamaq mütləqdir ki, hər bir əməkdaşın, fərdin güclü və zəif tərəfləri olduğu kimi agentliklərin də güclü və zəif tərəfləri olur. Kimisi yaradıcılıqda sərhəd tanımır, kimisi çəkiliş keyfiyyətlərində, kimisi çox operativdir, kimisi də əla kontentlər yaradır. Bəs necə etmək lazımdır ki, bizneslər agentliklərin güclü tərəflərindən maksimum yararlana bilsinlər. Bu problemin əsas çözümü brief və kommunikasiya mədəniyyətidir. Yəni siz fikrinizi agentliyə tələsmədən, tam şəkildə izah etməli, qarşılıqlı müzakirə edə bilməli və gözlədiyiniz nəticəni və ya net KPİ-larınızı komandaya bildirməlisiniz.

 

Biznes “yaxşı” sözünü sevmir. Yaxşı iş, yaxşı satış, vau video, möhtəşəm ideya kimi qarışıq ifadələrdən qaçın. Məlumatı düzgün və bacardığınız qədər detallı ötürün ki, agentliyin akkount menecerindən dizaynerinə, kontent menecerindən videoqrafına kimi sizin fikrinizə agah olsun. Bu proses başda sizə yorucu gəlsə də necə deyərlər işlər reysinə düşəndən sonra həm rahat nəfəs alacaqsınız, həm də nəticələr sizi qane edəcək.

Görülən işlər. Portfolio

Kiçik bazarların özünəməxsus faydaları da olur. Bunlardan biri də bir şirkət haqqında qısa vaxt ərzində lazımı rəyi almaqdır. Bir SMM agentliyini araşdırmadan danışılanlara inanmaq sizi uğursuz nəticəyə aparacaq yollardan biridir. “Danışmağı hər kəs bacarır”. İlkin görüş etmədən, portfolionu analiz etmədən qərar verməyə tələsməyin. Bu arada əksər agentliklər əsasən 3-4 istiqamət üzrə daha yaxşı fəaliyyət göstərirlər. Bu qlobal bazarda daha geniş vüsət alıb. Agentliklər başdan öz istiqamətlərini bəlli edirlər. Kimisi restoranlarla, kimisi geyim sahəsiylə, kimisi tikinti və ya xidmət bazarı üzrə daha yaxşı portfolioya sahibdir. Burada agentliyin komandasının fərdlər üzrə bacarığı da öz sözünü deyir. Daha bir məsləhətim bu ola bilər ki, uzunmüddətli fəaliyyət göstərməyi düşünürsünüzsə seçəcəyiniz agentliklə qısa bir layihə həyata keçirib onların bacarıqlarını bu yolla da ölçə bilərsiniz.

Yaradıcılıq hərşey demək deyil.

Hər yerdə qarşımıza çıxan Bill Qeytsin “Kontent şahdır” deyimi bu bazarın lokomotiv fikirlərindən biridir. Bəzən sahibkarların istəyi, bəzən də agentliklərin mövqeyi ilə səhifələr yalnızca yaradıcılığa fokuslanır. Bu çox gözəgəlimli səhvdir. Belədə sizin məhsul və ya xidmət ümumiyyətlə diqqətdən kənar qala bilər, əsas mesajınızı ötürməkdə çətinlik çəkə bilərsiniz. Hərkəs sizi alqışlayır amma sonda satış yoxdur. Ona görə də bir agentliyin nəticəsini yalnızca onun yaradıcılığına, möhtəşəm dizaynlarına bağlamaq başdan yanlış fikirdi. SMM şirkəti və onun komandası sizin biznesin “tozunu udmalı”, lazım olsa sizinlə bir yerdə sahədə olub işinizi, müştərinizin davranışını başa düşməli və fəaliyyətini bunun əsasında qurmalıdır.

“Nəticəni ölçmədən yaxşılaşdıra bilməzsiniz”

Mənim bir müdirim tez-tez bu ifadəni işlədərdi. Həqiqətən də belədir. Bəzən başda yaxşı qurulan, həvəslə başlanılan işi aylarla ölçmədən davam etdiririk. Sahibkar ən başda ölçü meyarını bilməli, sonradan da bu ölçümə nəzarət etməlidir. Paylaşılan post sayı, səhifəyə gələn izləyici sayı, şəkillərin bəyənilməsi sayı heç də vacib meyarlar deyil. Loru dildə desək kassaya pul gətirən bunlar deyil. Hədəfiniz sadəcə daha çox şəxs tərəfindən tanınmaqdırsa bu rəqəmlər bəlkə sizə önəmli ola bilər, amma məqsəd satışı artırmaqdırsa kontentinizi ciddi şəkildə analiz etməli, sorğunu nələrin gətirdiyini və kimləri gətirdiyini anlamalısınız.

 

Ardı var…

(c)Bəylər Əlizadə